Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd edildi.

20 yanvar 2019 | 11:00

Faciənin 29-cu ildönümü ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir. Müvafiq tədbirlər planına uyğun olaraq rayonun bütün əmək kollektivləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi ilə bağlı  anım mərasimləri keçirilmişdir.
Yerli mühazirəçilərin iştirakı ilə “20 Yanvar: Müstəqillik tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda rayonun idarə, müəssisə, və təşkilatlarında keçirilən tədbirlərdə   faciə qurbanlarının xatirəsi anılmış, təhsil müəssisələrində xüsusi dərslər keçirilmişdir.
Ağdaş Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş idmanın güləş növü üzrə rayon birinciliyi keçirilmişdir. Qalib idmançılar diplomlarla mükafatlandırılmışdır.
19 yanvar 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunan dəyirmi masa təşkil edilmişdir.
20 Yanvar şəhidi Müşviq İsayevin ailəsinə anım mərasiminin təşkili üçün ərzaq yardımı göstərilmişdir.
20 Yanvar 2019-cu il tarixdə Hüzn günü ilə əlaqədar matəm əlaməti olaraq rayonun idarə, müəssisə və təşkilatlarının üzərindəki dövlət bayraqları endirilmiş, gün ərzində həzin musiqi səsləndirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  “Şəhidlər” kompleksində anım tədbiri keçirilmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda həlak olmuş bütün şəhidlərin ruhlarına dualar oxunmuş, şəhid məzarlarının üzərinə gül, çiçək dəstələri düzülmüşdür.
Saat 12:00-da rayon mərkəzində şəhidlərin xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər