Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin tərbiyəsində rolu” mövzusunda konfrans keçirildi

20 iyun 2013 | 10:00

İyulun 19-da Ağdaşda “Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir.
     Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.
     Sonra tədbir Habil Əliyev adına Ağdaş musiqi məktəbində  davam etdirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, sektor müdiri Əli Məmmədov və 200 nəfər rayonun fəal gəncləri iştirak etmişdir. Əvvəlcə dövlət himni səsləndirilmişdir.
     Konfransı giriş sözü ilə Gənclər və  İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov açaraq rayon gənclərini salamlayıb. O, konfransın ümummilli liderin 90 illik yubileyinə və "Azərbaycan Gəncliyi 2011-2015-ci illər" Dövlət Proqramına həsr olunduğunu qeyd etdi. Natiq çıxışında ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında oynadığı mühüm və əvəzsiz rolundan danışdı.
     Konfransda Rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq İbrahimov “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda məruzə ilə çıxış etmişdir. O çıxışında qeyd etmişdir ki, azərbaycançılıq yüksək səviyyəli təhsil sisteminin bərqərar edilməsi, milli özünüdərk, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik, mənəvi cəhətdən sağlam cəmiyyət qurulması istiqamətləri ilə vətəndaş tərbiyəsi işini daha müvəffəqiyyətlə həyata keçirməyə imkan verir.
Konfransda Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev iştirak və çıxış etmişdir. O bildirmişdir ki, Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası milli-tarixi təkamül prosesinin istiqamətlərini müəyyənləşdirən və Azərbaycan xalqının milli-mənlik şüurunun formalaşmasında yeni mərhələnin əsasını qoymuş unikal bir konsepsiyaya çevrilmişdir. Bu ideologiya milliliklə müasirliyi, dinə sonsuz inamla tolerantlığı, demokratik düşüncə ilə dövlətçilik şüurunu mükəmməl səviyyədə özündə birləşdirir.
     Konfransda çıxış edən gənclər bildirmişlər ki, ümumilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülüb və 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda ümummilli lider şəxsən iştirak edib. Heydər Əlievin hələ Azərbaycana SSRİ dövründə rəhbərlik etdiyi vaxtdan gənclərin himayəçisi kimi çıxış etdiyi, minlərlə gənci o dövrün tanınmış ali məktəblərinə təhsil almağa göndərdiyi, idarəçilikdə gənc milli kadrlara üstünlük verdiyi qeyd edilmişdir.
     Tədbirdə həmçinin Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulandı. Bildirildi ki, bu gün gənclərin təhsil alması, sosial təminatı və ölkənin ictimai siyasi həyatında mühüm iştirakı üçün hər cür şərait yaradılıb. Sonda qeyd olundu ki, qarşıdan gələn prezident seçkilərində ağdaşlı gənclər yekdillikdə ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevi dəstəkləyəcəklər.
Konfransı  Gənclər və  İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov yekunlaşdırmışdır.
      Konfrans öz işini yekunlaşdırdıqdan sonra Heydər Parkında respublikanın tanınmış incəsənət ustalarının iştirak ilə konsert keçirilmişdir. Sonda parkda atəş-fəşanlıq və xalq gəzintisi təşkil olmuşdur. Tədbirdə 10 mindən artıq iştirakçı olmuşdur.

Keçidlər