Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkli (Ombudsman) Ağdaşda ictimai dinləmə keçirmişdir

24 aprel 2013 | 10:00

Ombudsman Elmira Süleymanova ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP)  icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə növbəti ictimai dinləməni rayon İcra Hakimiyyəti ilə birgə Ağdaşda keçirmişdir.
Tədbir 23 aprel 2013-cü il tarixdə saat 1000-da keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra tədbir Habil Əliyev adına Musiqi məktəbində davam etdirilmişdir
Tədbirdə rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri və digərlərinin iştirakı ilə 200 nəfər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq İbrahimov açaraq, “Rayonda insan hüquqlarının təmini sahəsində və Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Ağdaşda sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkli (Ombudsman) Elmira Süleymanova “Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin Səmərəliliyini Artırmaq Sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda quran vəzifələr” mövzusunda çıxış etmiş, 2012-ci ildə MFP-nin icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumatları diqqətə çatdırmışdır. O, rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının təkmilləşdirilməsi və digər zəruri məsələləri müzakirəyə çıxarmışdır.
Müzakirələrdə rayonun məhkəmə sədri, prokuroru, dairə seçki komissiyasının sədri, Təhsil şöbəsinin müdiri, QHT-lərin, ictimai birliklərin nümayəndələri  və digər iştirakçılar çıxış edərək, rayonda “Milli Fəaliyyət Proqramı” və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətində, cinayətkarlıqla mübarizə üzrə tədbirlər, QHT-lərin fəaliyyəti, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat vermişlər.
Tədbirin sonunda MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunmuşdur.

Keçidlər