Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Tarixi qaynaqlar sübut edir ki, əlverişli təbii şəraitə malik olan bu bölgədə ilkin həyat və insan yaşayışın mövcudluğu və Ağdaş toponiminin meydana gəlməsi təqribən 400 illik tarixə malikdir.
Şirvan bəylərbəyliyinin tabeliyindəki Ərəş sultanlığı uzun illər feodal hakimlərinin idarəçiliyində olmuş, Azərbaycanın Şimal ərazisinin Rusiyaya ilhaq edilməsindən sonra çarizmin inzibati islahatları nəticəsində indiki Ağdaş rayonu ərazisində 1873-cü ildə Yelizavetpol quberniyasının tərkibinə daxil olan, əhalisinin sayı 52371 nəfərdən ibarət olan Ərəş qəzası yaradılmışdır. Bu inzibati ərazi vahidi 1929-cu ilədək mövcud olmuş, elə həmin ildə ləğv edilərək bir il sonra 1930-cu ildə Ağdaş rayonu yaradılmışdır. XVI əsrdə salınmış bu yaşayış mərkəzinə 1900-cu ildə şəhər statusu verilmişdir.
Hazırda rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 1qəsəbə olmaqla 72 kənd vardır. Əhalisinin sayı 102 min nəfərdən artıqdır.
Rayonun ərazisində 17 dövlət qeydiyyatına alınmış yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri, hətta tarixi islamiyyətin yayıldığı ilk illərə təsadüf edən müqəddəs ziyarətgahlar və pirlər vardır.
Rayonun ərazisinin tranzit dəhliz baxımından əlverişli olması, burada mövcud olan karvansaraylar, texniki bitkilərin becərilməsi sahəsində əldə olunan təcrübə, nəhayət 1883-cü ildə Bakı-Tiflis dəmiryolunun çəkilməsi Ağdaşın əhəmiyyətini daha da artırmış, tezliklə burada yeni emal sahələrinin yaradılmasına səbəb olmuşdur.
XX əsrin əvvəllərinədək Ağdaşda pambıq maşınlarından ibarət 7 zavod işləyirdi. Məhz buna görə də Qafqaz pambıqçılarının ilk qurultayının 1904-cü ildə Ağdaşda keçirilməsi təsadüfi sayıla bilməzdi.
Pambıqdan başqa Ağdaş digər ənənəvi məhsulları ilə bölgədə məşhur olmuşdur. O zamanlar nəşr olunan “Qafqaz” qəzeti yazırdı: ”Ağdaş Marsel və İtaliyaya göndərilən həm bütün xam ipəyi, həm də baramanı özündə cəmləşdirən mərkəz idi”. Ləkidə 1886-cı ildə tikilən biyan kökü emalı zavodunun istehsal etdiyi lakritsa boyasının Amerika və Fransaya ixrac olunması, buradakı dəmiyolu vasitəsi ilə yüz min pudlarla qoz-fındıq və meyvənin tədarük olunaraq xarici bazarlara daşınması Ağdaşın əhəmiyyətini günbəgün artırır, bölgəyə xarici investisiya axınını gücləndirirdi. Bu sahədə polyak və fransız iş adamlarının üstün mövqelərə malik olması xüsusilə diqqətçəkəndir.
Hazırda şəhərdəki mövcud olan tarixi binalarının dam örtüyünü bəzəyən kirəmitlərin üzərində “Les Freres Roux”( Ru qardaşları) fransız şirkətinə məxsusluğu bildirən emblemin yazılması Azərbaycan Fransa arasında iqtisadi münasibətlərin tarixi baxımından da böyük maraq doğurur.
Ağdaşda sənayenin və kənd təsərrüfatının o illərdəki sürətli inkişafı burada təhsilin və mədəniyyətin inkişafına geniş imkanlar açmış, Azərbaycanda mövcud olan 3 dünyəvi təhsil müəssisəsindən biri 1882-ci ildə məhz Ağdaşda açılmışdır.
2002-ci ildə bu tədris ocağının 120 illiyinə həsr olunmuş yubiley tədbiri ilə bağlı 3 saylı orta məktəbə ünvanladığı məktubunda görkəmli dövlət və siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev yazırdı: ” Fərəhli haldır ki, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu və məktəbin ilk rəhbərlərindən olmuş tanınmış maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulmuş mütərəqqi təhsil ənənələri indi də yaşayır və ildən-ilə inkişaf edir. İlk təhsilini bu məktəbdə almış Azərbaycan və Özbəkistanın görkəmli yazıçısı Maqsud Şeyxzadə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Bürhan Kərimov, akademik Bəkir Nəbiyev, xalq artisti Habil Əliyev kimi elm və mədəniyyət xadimləri ilə xalqımız haqlı olaraq fəxr edir.”
Ağdaşda mədəniyyət və incəsənətin inkişafı sahəsində 20-ci əsrin əvvəllərində böyük canlanma müşahidə olunurdu. Qori Seminariyasının məzunu, məşhur Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin həm qardaşı, həm də əmisi nəvəsi olan Zülfüqar Hacıbəylinin yaxından köməkliyi ilə Rəşid bəy Əfəndiyevin “Qan ocağı” əsərinin 1908-ci ildə tamaşaya qoyulması Ağdaş teatrının həyatında böyük rol oynamağa başladı. Teatrın repertuarı təkcə dram əsərləri ilə məhdudlaşmamış, burada yerli həvəskarların köməkliyi ilə Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi klassik opera və operettalar tamaşaya qoyulmuşdur.
Teatrın fəaliyyəti Azərbaycan dövlətinin diqqətindən yayınmamış, uzun illər bu mədəniyyət ocağının aparıcı aktyoru və rejissoru olmuş İbrahim Qaradağlı 1941-1945-ci illər müharibəsinin qızğın bir dövründə, 1943-cü ildə Azərbaycan SSR-nin “Əməkdar artisti” fəxri adına layiq görülmüşdür. Bu hadisə rayonun mədəniyyət tarixinin ən əlamətdar hadisəsi kimi bu gün də sənətsevərlər tərəfindən məmnunluqla xatırlanır.
Ağdaşda musiqi təhsilinin təşəkkül tapmasının maraqlı tarixçəsi də diqqəti çəkir. 1934-cü ildə məşhur bəstəkarımız Üzeyir bəyin tövsiyəsi ilə rayonumuza gəlmiş Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi, şərqin ilk operası olan “Leyli Məcnun”da Leyli rolunun ilk kişi ifaçısı, görkəmli pedaqoq, əməkdar incəsənət xadimi Əhməd bəy Ağdamski(Bədəlbəyli) 1936-cı ildə burada ilk musiqi məktəbinin təşkilində fəal iştirak etmiş, ömrünün son günlərinədək Ağdaşın ictimai-mədəni həyatında və el şənliklərində fəal iştirak etmişdir. Zəngin musiqi təhsili ənənələrini yaşadan bu təhsil ocağının yetirmələri sırasında korifey sənətkar, kaman ifaçılığı sənətinin görkəmli nümayəndəsi, xalq
artisti, “Şöhrət” və “İstiqlal” ordenli Habil Əliyev, əməkdar artist Munis Şərifov, uzun illər M.Maqomayev adına dövlət filarmoniyasının solisti olmuş xanəndə Ramiz Hacıyev kimi görkəmli sənətkarların olması Ağdaşın zəngin mədəni potensiala malik olmasının əyani göstəricisidir.
Elmə, ədəbiyyata və mədəniyyətə yüksək dəyər verilən bu bölgə tanınmış ziyalıları ilə bu gün də haqlı olaraq fəxr edir. Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi “Şöhrət” və “İstiqlal” ordenli alim, akademik Bəkir Nəbiyev, xalq şairi, “Şöhrət”ordenli, Fikrət Qoca, məhrum professor, Nyu-York Kembric Universitetinin fəxri doktoru, “Şöhrət” ordenli Yaşar Səlimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti, sərbəst güəş üzrə dünya və Avropa çempioni, “Şöhrət” ordenli Xəzər İsayev Azərbaycanın Suryadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini həyata keçirən Mahir Əliyev, yazıçı-dramaturq Xeyrəddin Qoca, professorlar Telman Ağdamski, Sadiq Abdullayev, Telman Nizamov, Elmira Rəhimova, Muxtar Abduyev, Salih Salihov, İsmayıl Qəribov, Mustafa Salihov, Sabir Osmanov, Gülüb Gülablı, xalq artistləri Lütvü Məmmədbəyov, Ramiz Mustafayev, Moskva Dövlət Universitetinin ptofessoru Bürhan Kərimov, prezident təqaüdçüsü, əməkdar jurnalist Elmira Əliyeva və sıra sayını uzada biləcəyimiz onlarla yaradıcı insanlar məhz bu bölgənin övladlarıdır.
Ağdaşlılar dövlətçilik və Vətən uğrunda gedən mübarizələrin daim ön cərgələrində olmuşlar.
Bu gün Ağdaş özünün vətənpərvər oğuları ilə haqlı olaraq fəxr edir. 1941-1945-ci illər müharibəsində düşmənə qarşı silaha sarılan Ağdaşın 2 ləyaqətli övladı Səməd Abdullayev və Fariz Səfərov Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdür. Birinci Qarabağ müharibəsində 189 nəfər ağdaşlı gənc Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Son 50 ilə yaxın dövr ərzində 5 nəfər ağdaşlı general ali hərbi rütbəsinə layiq görülmüş, hazırda onlarla ağdaşlı zabitlər Milli Ordumuzun sıralarında peşə borcunu ləyaqətlə həyata keçirir.
Məlum olduğu kimi Azərbaycan Şərq dünyasında ilk demokratik respublika, türk dünyasında ilk parlamentli respublika kimi tarixə düşmüşdür. Avropa ölkələrinin demokratik prinsiplərini özündə etiva etdirən Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə qısa ekskurs etməyimizin əsas səbəblərindən biri də odur ki, 1918-ci ilin dekabr ayının 7-də ilk iclasına toplaşan bu parlamendə doğma Ağdaşmızı bölgədə geniş nüfuz sahibi olan şəxslər, görkəmli pedaqoq, şərqşünas alim Muxtar Əfəndizadəvə və Ərəş qəzasının qubernatoru Əşrəf bəy Qarxunlunun təmsil etməsi bölgəmizin dövlətçilik tarixində önəmli rola malik olmasından xəbər verir.
Zəngin flora və faunaya malik olan Ağdaş ərazisində 800 qədər bitki növü vardır. Ərazisinin 10 faidən artıq bir hissəsi Kür çayı boyunca yerləşən tuqay meşələri ilə örtülmüşdür. XVI əsrdən başlayaraq rus tacirlərinin burada istehsal olunan baramanın Şamaxıda emal edilməklə, Avropanın qabaqcıl toxuculuq mərkəzlərinə daşıması barədə tarixi mənbələrdə kifayət qədər məlumatlara rast gəlinir. Ağdaş rayonu ərazisindəki torpaq səthinin əsasən düzənlik tipli, torpaqların boz-çəmən forması, mülayim iqlim şəraitinin olması, eyni zamanda rayonun Kür çayının sol sahilində yerləşməsi, bol sulu olması ilə mütəxəssislərin diqqətindən yayınmamış, bu ərazidə 20-ci əsrin əvvəllərindən başlayaraq burada iqtisadiyyatın əsasını təşkil pambıqçılıq sürətlə inkişaf etməyə başlamışdır. Sonralar Yuxarı Şirvan kanalının, 1958-ci ildə Türyançay üzərində su qovşağının tikilməsi, Kürqırağı ərazilərdəki təsərrüfatların mexaniki suvarma sistemləri ilə təminatı rayonda pambıqçılıqla bərabər digər sahələrin, xüsusilə tərəvəzçilik, meyvəçilik və heyvandarlığın inkişafına güclü təkan vermişdir.
Ağdaş texniki bitkilərin, o cümlədən pambığın becərilməsində özünəməxsus ənənələri olan bölgələrdən biri olmuşdur. Sövet dönəminin ən çətin vaxtlarında 2 nəfər sıravi ağdaşlı pambıqçı, Zeynəb Qəmbərova və Anası Xəlilovanın Sosialist Əməyi Qəhrəmanı kimi ən yüksək fəxri ada layiq görülmüşdür
1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dönəmlərində Ağdaşın iqtisadiyyatı sürətlə inkişaf etmiş, onlarla sənaye obyektləri, nəhəng heyvandarlıq kompleksləri, emal müəssisələri işə düşmüş, rayon ərazisində yüzlərlə kilometr yollara asfalt örtük döşənmiş, onlarla müasir tipli təhsil, səhiyyə və mədəniyyət ocaqları, faraş tərəvəz istehsal edən istixana kombinatı, yeni yaşayış binaları, fərdi evlər tikilmiş, rayon mərkəzi, qəsəbə və kəndlərin işıq, qaz və su təchizatı ilə bağlı problemlərinin həllində böyük dönüşə nail olunmuşdur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Ağdaş rayonu öz inkişafının mühüm mərhələsinə qədəm qoymuşdur.
Ölkə prezidentinin sərəncamları ilə medallar və fəxri adlarla təltif olunan ağdaşlıların sayı hazırda 46 nəfərdir.
 

Keçidlər