Pirəzə kəndində şəhidin nəşinin qalıqları torpağa tapşırılıb.
Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əliyev İmaməddin Əliağa oğlu Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə itkin düşərək şəhid olmuşdur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində I Qarabağ Müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş bir qrup Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanan zaman Əliyev İmaməddinin Əliağa oğlunun da adı açıqlanıb. 12 iyul 2024-cü il tarixində Birinci Qarabağ Müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Əliyev İmaməddin Əliağa oğlunun doğulub boya-başa çatdığı Pirəzə kəndində izdihamlı dəfn mərasimi keçirilib. Vida mərasimində Ağdaş Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi qulluqçular, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatlar, rayon ictimaiyyəti və media nümayəndələri iştirak edib. Şəhidin cənazəsi nümunəvi hərbi orkestrin musiqi sədaları altında kənd yola salınıb. Kənd qəbiristanlıqda dəfn mərasimi keçirilib. Şəhidin məzarı önündə çıxışlar edilib, dualar oxunub, məzarı üzərinə əklillər düzülüb. Dövlət Himni səslədirilib, şəhidin ruhuna ehtiram əlaməti olaraq havaya atıcı silahlardan atəş açılıb. Şəhidin cənazəsinə bükülmüş Azərbaycan bayrağı mərhumun ailəsinə təqdim edilib.