Ağdaşda şəhid Yasin Əbdürəhmanovun cənazəsi son mənzilə yola salınıb.
28 iyun 2024 | 19:01
Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əbdürəhmanov Yasin Şakir oğlu Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə itkin düşərək şəhid olmuşdur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində I Qarabağ Müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş bir qrup Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanan zaman Yasin Əbdürəhmanovun da nəşinin qalıqlarının yeri bəlli olub. 28 iyun 2024-cü il tarixində Birinci Qarabağ Müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Əbdürəhmanov Yasin Şakir oğlunun doğulub boya-başa çatdığı Qarağan Şıxlar kəndində izdihamlı dəfn mərasimi keçirilib. Keçirilən vida mərasimində Ağdaş Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı, hüquq-mühafizə orqanları, hərbi qulluqçular, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatlar, rayon ictimaiyyəti və media nümayəndələri iştirak edib. Şəhidin cənazəsi nümunəvi hərbi orkestrin musiqi sədaları altında kənd qəbiristanlığına yola salınıb. Qəbiristanlıqda dəfn mərasimi keçirilib. Şəhidin məzarı önündə çıxışlar edilib, dualar oxunub, məzarı üzərinə əklillər düzülüb. Dövlət Himni səslədirilib, şəhidin ruhuna ehtiram əlaməti olaraq havaya atıcı silahlardan atəş açılıb. Şəhidin cənazəsinə bükülmüş Azərbaycan bayrağı mərhumun ailəsinə təqdim edilib.