Ağdaşda şəhid Süleyman Mehdiyevin ildönümü qeyd olunub.
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni hərbi birlşmələri genişmiqyaslı terror təxribatları həyata keçirib. Təxribatların qarşısının alınması üçün Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur olub. 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Qeyd olunan antiterror tədbirlərinin ildönümü ilə bağlı bəlli əməliyyatlar zamanı rayonun Qarağan Şıxlar kənd sakini, kiçik çavuş Mehdiyev Süleyman Mənsur oğlu şəhidlik zirvəsinə yüksəlmişdir.
Bu məqsədlə 20 sentyabr 2024-cü il tarixində şəhidin doğulub boya-başa çatdığı kənddə anım mərasimi keçirilib.
Anım mərasimində rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhidin döyüş yoldaşları, şəhid ailələri, müharibə veteranları, kənd sakinləri iştirak edib.
Ehsan süfrəsi arxasında şəhidin ruhuna dualar oxunub, antiterror tədbirləri zamanı hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, şəhid Süleyman Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.