Ağdaşda maarifləndirici tədbir keçirilib.
11 mart 2024-cü il tarixində rayon İcra Hakimiyyətində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli, 4233 nömrəli Sərəncamının icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları, Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzi, Kommunal müəssisələr kombinatı, yerli icra strukturlarının nümayəndələri və bələdiyyələrin təmsilçiləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Prezidentin imzaladığı sərəncamın tarixi əhəmiyyətinə toxunaraq ölkə ərazisində ekoloji problemlərin aradan qaldırılması üçün tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətini qeyd edərək, indiyədək rayonda bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar. İl çərçivəsində ətraf mühitin sağlamlaşdırılması üçün ağacəkmə kampaniyasının keçirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, məişət tullantılarının daşınması, utilizasiyası və zərərsizləşdirilməsi istiqamətində layihələrin həyata keçirilməsinə dəstək vermək və bu istiqamətdə rayon sakinləri arasında təbliğatı tədbirlərin daha da artırılmasının vacibliyi vurğulanıb.