Ağdaş Rayon İcra Hakimiyyətində dəyirmi masa keçirildi.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında dəyirmi masalar və disputlar təşkil olunur. 25 oktyabr 2023-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyətində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə, təşkilatlarının gənc əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açıb. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mövzu ətrafında çıxışlar dinlənilib, dahi şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası barədə söhbət açılıb, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri, o cümlədən təhsilin inkişafına verdiyi töhfələr barəsində müzakirələr aparılıb. Qeyd olunub ki, Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, həmçinin onun ən şərəfli tarixini yaratmağa nail olmuş Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, ölməz ideyaları yaşayır və onun siyasi kursu dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.