2 iyul - Polis işçilərinin peşə bayramıdır.
Bu gün cəmiyyətimizin bütün sahələri üçün vacib olan, ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşların asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən polis işçilərinin peşə bayramıdır. Bu münasibətlə Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi Polis şöbəsinin əməkdaşları ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək ulu öndərin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər. Bildirilmişdir ki, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev polis orqanlarında ləyaqətlə çalışan polis əməkdaşlarının nümunəvi xidmətlərini həmişə yüksək qiymətləndirmiş, daim onlara arxa, dayaq olmuşdur. Asayişin keşiyində ayıq-sayıq dayanan polis işçiləri bu diqqət və qayğını ulu öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında daha aydın şəkildə hiss edirlər. 2 iyul 2024-cü il tarixində rayon İcra Hakimiyyətində keçirilən tədbirdə aparatın inzibati binasında mühafizə xidmətini həyata keçirən, xidmətdə fərqlənən polis əməkdaşları peşə bayramı münasibətilə “Fəxri fərmanla” təltif edilib. Rayonumuzun bütün polis işçilərini peşə bayramı münasibətilə təbrik edirik.