Ağdaş rayon mərkəzi xəstəxanası istifadəyə verilmişdir
Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşa səfəri çərçivəsində mərkəzi rayon xəstəxanasının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, xəstəxana binasının təməli ötən il fevralın 12-də Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri zamanı qoyulmuşdur. Yüz çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır.
Prezident İlham Əliyev poliklinika şöbəsi ilə tanış oldu. Bildirildi ki, müasirliyi ilə seçilən poliklinika şöbəsi ən müasir avadanlıqla təchiz olunmuşdur. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılmışdır. Hemodializ avadanlığı ən son elmi-texniki yeniliklərə əsaslanır. Burada 8 xəstənin eyni zamanda qəbulu mümkündür. Hemodializ prosedurunun yerinə yetirilməsi zamanı xəstələr televizorda verilişlərə baxa, onlar üçün yaradılan hərtərəfli şəraitdən istifadə edə bilərlər. Ultrasəs müayinə cihazları da dünyanın ən inkişaf etmiş ölkələrində istifadə edilən tibbi avadanlıqlardandır. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılmışdır.
Diaqnostika şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, burada yaradılmış hərtərəfli şərait müalicə və müayinə işinin yüksək səviyyədə təşkilinə imkan verir. Diqqəti cəlb edən məqamlardan biri buradakı bütün müasir avadanlığın yerli mütəxəssislər tərəfindən quraşdırılmasıdır.
Prezident İlham Əliyev xəstəxananın əməliyyat blokunda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, burada bütün əməliyyatlar xüsusi paneldən Azərbaycan dilində idarə edilir. Xəstəxananın reanimasiya şöbəsində isə eyni vaxtda 7 xəstə yerləşdirilə bilər.
Sonra dövlətimizin başçısı palataları gəzdi. Bildirildi ki, palatalardakı şərait dünyanın inkişaf etmiş ölkələrinin müalicə müəssisələrindən geri qalmır. Tibb ocağının stasionarında eyni vaxtda 100 xəstəyə xidmət göstərilə bilər. Təcili tibbi yardım şöbəsi də hər cür avadanlıqla təmin edilmişdir. Burada xəstələrə operativ qaydada yardım göstərilməsi üçün zəruri şərait yaradılmışdır. Xəstəxananın müasirliyi ilə seçilən akt zalı da vardır.