Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
24 fevral 2025 | 17:58
Fevralın 24-də Ağdaş Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, millət vəkili Sahib Alıyev, rayon ictimaiyyətinin nümayəndələri, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Əvvəlcə Ağdaş Dövlət Rəsm Qalareyasının gənc rəssamlarının hazırladığı, Xocalı faciəsinə həsr olunmuş əl işləri və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Ağdaş rayonu, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin əhalisinə qarşı törədilmiş soyqırımın insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olduğunu vurğulayıblar. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfəri, həmçinin uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu, Xocalının da separatçılardan tam təmizləndiyi bildirilib, Xocalı qurbanlarının qanının yerdə qalmadığı qeyd edilib.
Azad edilmiş digər ərazilərimiz kimi, Xocalıda da geniş miqyaslı quruculuq işlərinin aparıldığı, xocalıların doğma yurdlarına qayıdışı prosesinin hazırda davam etdiyi bildirilib. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istqiamətində dövlətimiz tərəfindən görülən ardıcıl işlərdən də bəhs olunub.
Tədbirdə Ağdaş rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrının təqdimatında “Qisas qiyamətə qalmadı, Vətən!” adlı tamaşa nümayiş etdirilib. Yekunda M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyanın “Şahin” komandası tərəfindən Dövlət Bayrağı səhnəyə gətirilib.