Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Ağdaşda bir sıra tədbirlər keçirilib
26 fevral 2025 | 17:14
Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Ağdaş rayonunun təhsil müəssisələri və mədəniyyət ocaqlarında tədbirlər, teatr tamaşaları, idman yarışları və rəsm sərgiləri təşkil olunub, xüsusi dərslər keçirilib.
Tədbirlərdə bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qətliam ümumən insanlığa qarşı ən dəhşətli cinayətlərdən biridir. Xocalı soyqırımı zamanı içərisində uşaq və qadınların, qocaların da olduğu 613 azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib, 1275 nəfər girov götürülüb, yüzlərlə sakin ağır xəsarətlər alıb.
Lakin Xocalı soyqırımı qurbanlarının qisası alındı və şəhidlərimizin qanı yerdə qalmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza ataraq torpaqlarımızı Ermənistanın işğalından azad etdi. Həmçinin 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatizminə son qoyuldu, Xocalı şəhəri də separatçılardan tam təmizləndi.
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlərin yekunu olaraq Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib. Aksiya çərçivəsində müəyyən olunmuş ərazidə sərv və küknar ağacları əkilib.
Həmin gün rayonda saat 17:00-da soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.