Vətən müharibəsi iştirakçısı medalla təltif edilib.
6 oktyabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyəti aparatında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Musayev Mahir Seyidağa oğlunun təltif edilməsinə həsr edilən tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan böyük zəfərin əhəmiyyətini vurğulamaqla, Azərbaycan oğullarının bu döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələri haqqında geniş məlumat verdi. Bildirildi ki, müharibə başa çatdıqdan dərhal sonra dövlət başçısı Vətən oğullarının torpaqlarımızın bütövlüyü uğrunda göstərdikləri fədakarlığı layiqincə qiymətləndirmiş, bu proses bu gün də davam edir. Tədbirin yekununda Mahir Seyidağa oğlu Musayevə döyüş şücaətinə görə təltif edildiyi sayca beşinci olan “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edildi. Vətən Müharibəsinin fəal iştirakçısı Mahir Musayev Cəbrayıl, Zəngilan, Ağdam və Qubadlı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, baş kəşfiyyatçı olaraq erməni təxribatçılarına qarşı döyüş əməliyyatlarında verilən tapşırıqların öhdəsindən layiqincə gələrək xüsusilə fərqlənmişdir. Qeyd edək ki, müharibənin aktiv fazası başa çatdıqdan sonra nümayiş etdirdiyi peşəkar döyüşçü keyfiyyətlərinə görə Mahir Musayev Prezidentin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Təbrik edirik!