Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk Ağdaşa səfər edib.
19 noyabr 2022-ci il tarixdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov tərəfindən qəbul edilərkən baş konsulla söhbət zamanı bildirilmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ikitərəfli əlaqələrimiz ən yüksək zirvəyə çatmış, bu dövr ərzində Türkiyə daim Azərbaycanın yanında olmuş, dövlət quruculuğu proseslərində ölkəmizi daim dəstəkləmiş, onun haqq səsinin dünyaya çatdırılmasına böyük töhfələr verməkdədir.
Qeyd olunmuşdur ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır.
15 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuşdur. Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.
Görüşdə həmçinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, Ağdaş rayonunun iqtisadiyyatına investisiyaların qoyulması, birgə müəssisələrin yaradılması imkanları müzakirə edilmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.