Rayon ağsaqqalının doğum günü qeyd edildi.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ağsaqqallar şurasının üzvü Vaqif Hacıyevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirildi. Çay süfrəsi ətrafında təşkil edilən tədbirdə çıxış edənlər fəal ictimaiyyətçi, nüfuzlu ağsaqqal Vaqif Yaqub oğlu Hacıyevin həyat yoluna nəzər salaraq, onun əmək və sahibkarlıq fəaliyyəti, eyni zamanda dövlətçiliyimizin təbliği işindəki səylərinin gənclər üçün bir örnək olduğunu diqqətə çatdırdılar. Qeyd etmək lazımdır ki, Vaqif Hacıyev rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə 2011-ci ildə ölkə Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmişdir. Tədbirdə ömrünün 80-ci baharını yaşayan ağsaqqala rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı təqdim edildi. Yekunda çıxış edən Vaqif Hacıyev dövlət başçısı və rayon rəhbərliyinə ona göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıq hisslərini ifadə etdi.