Qaradeyin kəndində şəhidin il mərasimi keçirilib.
Məlumat üçün bildiririk ki, Məsimov Əkbər Yunus oğlu Ağdaş rayonunun Qaradeyin kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində 8 ay itkin şəhid kimi axtarılmış, sonradan tapılaraq 7 iyun 2021-ci il tarixdə kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu gün Qaradeyin kəndində şəhidin torpağa tapşırılmasının birinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavid Osmanov, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, gənclər, həmçinin şəhidin yaxınları və doğmaları iştirak edib. Mərasim boyunca şəhidin məzarı ziyarət olunub, Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub və məktəblilərin ifasında bədii kompozisiya nümayiş etdirilib. Şəhidin evində ehsan mərasimi təşkil olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!