Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib
26 noyabr 2024 | 18:28
Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Ağdaş rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məişət zorakılığı üzrə məsul şəxs Aynur Novruzova möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qadın hüquqlarının müdafiəsinə xüsusi diqqət və qayğısını vurğulayıb.
Bu gün ölkəmizin qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəal dövlət siyasətinə malik olduğu qeyd edilib. Çıxışlarda ötən dövrdə Azərbaycanın BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, habelə Beynəlxalq Əmək Təşkilatının gender bərabərliyi ilə bağlı Konvensiyasına qoşulduğu diqqətə çatdırılıb.
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, ölkə vətəndaşlarının bərabər hüquqlarının təmin olunması, məişət zorakılığının qarşısının alınması, insan alverinə qarşı mübarizə, gender bərabərliyinin təmin edilməsi sahələrində aparılan işlər qeyd edilib.
Tədbir iştirakçılarına sorğu anketləri də paylanılıb və irəli sürülən təkliflər dinlənilib.