Heydər Əliyev Mərkəzində “Zəfər sənindir, Azərbaycan” adlı tədbir keçirilib.
4 noyabr 2022-ci il tarixdə Zəfər günü münasibətilə Heydər Əliyev Mərkəzində Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ağdaş rayonu üzrə təhsil sektoru və Regional Mədəniyyət İdarəsininin Ağdaş rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Zəfər sənindir, Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Gənclər və İdman idarəsi, Dövlət Humanitar Kollecinin nümayəndələri, şəhid ailələri, Vətən Müharibəsində iştirak edən təhsil işçiləri, pedaqoji kollektivlər və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində şəhidlərimizin xatirəsinə sərgilənən rəsm sərgisi, şəhidlərin həyat və döyüş yolundan bəhs edən foto albomlara tamaşa ediblər. Mərkəzin böyük akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışıblar. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb. Tədbir boyunca zəfər savaşına həsr edilən slaydlar nümayiş etdirilib, məktəblilərin ifasında vətənpərvərlik ruhunda mahnı və rəqslər təqdim olunub.