Həmyerlimiz “Sağlamlığa Doğru Qaç!” layihəsinin finalında birinci yerin qalibi olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Sağlamlığa Doğru Qaç!” layihəsinin final mərhələsi 17 iyun 2025-ci il tarixində Xankəndi şəhərində baş tutub.
Finalda 8 mərhələ yarışından qalib olan 48 nəfər səhiyyə işçisi iştirak edib.
Xankəndi şəhərinin Zəfər meydanında keçirilən final yarışında Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı, Vətən Müharibəsi iştirakçısı Səfərli Arzu Cavid oğlu birinci yerin qalibi olub.
Tarixi və mənəvi əhəmiyyəti böyük olan Xankəndi şəhərində baş tutan bu yarış ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsinə ehtiramın və sağlam cəmiyyətə verilən önəmin bariz nümunəsidir.
Həmyerlimizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.