Erkən nikahlarla mübarizəyə dair maarifləndirici tədbir keçirildi
İyulun 24-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Üçüncü Bahar” İctimai Birliyinin təşəbbüsü ilə erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağdaş rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, “Üçüncü Bahar” İctimai Birliyinin layihə rəhbəri Fidan Əkbərli, birlik tərəfindən cəlb olunmuş təlimçilər, eləcə də müəllimlər, valideynlər, yeniyetmələr və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi erkən nikahların fəsadları haqqında ictimaiyyətin məlumatlandırılması, gənclərin hüquqlarının qorunması və bu halların qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsi olub.
Çıxış edənlər erkən nikahların uşaqların təhsil hüququna, fiziki və psixoloji sağlamlığına, habelə onların gələcək həyatına ciddi mənfi təsir göstərdiyini bildiriblər. Layihə rəhbəri Fidan Əkbərli və təlimçilər erkən nikahların hüquqi aspektləri, ailə dəyərləri və valideyn məsuliyyəti ilə bağlı təqdimatlarla çıxış ediblər. Bildirilib ki, bu cür hallarla mübarizə üçün ailə, məktəb və cəmiyyət birgə şəkildə fəaliyyət göstərməlidir.
Səbuhi Musayev öz çıxışında bu cür maarifləndirici tədbirlərin regionlarda keçirilməsinin vacibliyini vurğulayıb, dini və sosial dəyərlərin düzgün təbliğinin erkən nikahların qarşısını almaqda mühüm rol oynadığını qeyd edib.
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılara suallar təqdim olunub və mövzu üzrə praktiki nümunələr əsasında fikir mübadiləsi aparılıb. Sonda maarifləndirici materiallar paylanılıb.
“Üçüncü Bahar” İctimai Birliyi tərəfindən bu istiqamətdə tədbirlərin davam etdirilməsi planlaşdırılır.







