Dövlət dilinin tətbiqi diqqət mərkəzində saxlanılır
21 aprel 2022 | 17:12
21 aprel 2022-ci il tarixdə Ağdaş rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması və inkişafında Ulu Öndərin misilsiz xidmətlərindən bəhs edən tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə bildirib ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Natiq daha sonra qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulan Ana dilinin inkişafına və ədəbi dilin qorunmasına yönələn dövlət strategiyası Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşan dövlət başçısının Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində atdığı mühüm addımlar, imzaladığı sərəncamlar Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında öz layiqli yerini tutmasına xidmət edir. Çıxış edən digər natiqlər Ulu Öndərin ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxladığı və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atdığını diqqətə çatdırıblar.