Antiterror tədbirlərində şəhid olmuş İqbal Rzayev və Süleyman Mehdiyevin ildönümləri qeyd edilib
Sentyabrın 20-də Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ bölgəsində keçirilən antiterror tədbirləri nəticəsində şəhadətə yüksələn Rzayev İqbal İlham oğlu və Mehdiyev Süleyman Mənsur oğlunun ildönümləri qeyd edilib.
Ağdaş şəhəri və Qarağan Şıxlar kəndində keçirilən anım mərasimlərində rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Ehsan süfrələri arxasında antiterror əməliyyatının gedişi zamanı şəhidlik zirvəsinə ucalan soydaşlarımızın şücaəti barədə söhbət açılıb, qazanılan möhtəşəm Qələbədə onların fədəkarlığının mühüm əhəmiyyətə malik olduğu bildirilib, xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub.
Qeyd edək ki, şəhid İqbal Rzayev və şəhid Süleyman Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif ediliblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.







