Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib

08 noyabr 2024 | 18:52

8 noyabr 2024-cü il tarixində Ağdaş rayonunda Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatları Sahib Alıyev, Məzahir Əfəndiyev, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri iştirak edib.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Zəfər Bayramı tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

44 günlük Vətən Müharibəsini əks etdirən videoçarx nümayiş etdirilib.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə çıxış edərək tədbir iştirakçılarını Zəfər Bayramı münasibətilə təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərin xalqımızın sonsuz qürur mənbəyi olduğunu vurğulayıb. Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, bu böyük Zəfərin davamı olaraq ötən ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri inəticəsində Qarabağda separatizmə son qoyuldu və xunta rejimi əbədi ləğv edildi.
Orxan Hüseynzadə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərinin də hər birimizdə böyük iftixar hissi oyatdığını qeyd edib.

Tədbirdə digər çıxış edənlər tarixi Zəfərimizin fərəhli duyğularını bölüşüblər.

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşüb. O, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin daim xalqımızın qəlbində əbədi yaşayacağını, şəhid ailələrinin və müharibə iştirakçılarının diqqət və qayğı ilə əhatə olunmasının dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Keçidlər