Ağdaşda “Xalqımızın milli birliyinin möhkəmləndirilməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirildi.
20 aprel 2022-ci il tarixdə Ağdaş Dövlət Humanitar Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmləndirilməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirildi. Tədbirdə Ağdaş rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Asif Ədilov, Vüqar Verdiyev, Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov və tələbə gənclər iştirak edirdi. Çıxışlarda mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Ölkəmizdə yaşayan müxtəlif dinlərin və xalqların nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğu qeyd edilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.