Ağdaşda Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib.
1 noyabr 2024-cü il tarixində Zəfər Günü ərəfəsində Ağdaş Rayon Hakimiyyəti rəhbərliyinin iştirakı ilə Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib.
Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək xatirəsini ehtiramla yad ediblər.
Tədbir Heydər Əliyev Mərkəzində çay süfrəsi ətrafında davam etdirilib.
Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən Müharibəsində qazandığı tarixi Qələbədən danışıb, zəfərlə başa çatan Vətən Müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Vətən Müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında Ağdaş rayonunun igid oğullarının da əməyi az olmayıb. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan ağdaşlı könüllü gənclər, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər. Xalqımız qəhrəman övladları ilə hər zaman fəxr edir.
Görüşdə iştirak edən qazilər keçdikləri şücaətli döyüş yolu barədə söhbət açıb, dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin yekununda Vətən Müharibəsi qazilərinə bayramla əlaqədar maddi yardım göstərilib.