Ağdaşda uşaqlar üçün Novruz bayramına həsr olunmuş tədbir keçirilib
Martın 17-də Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə uşaqlar üçün Novruz bayramına həsr olunmuş “Dostluğa açılan qapı” adlı tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Bakı şəhər üzrə Təhsil İdarəsi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Əminə xanım Musayeva, Mərkəzin əməkdaşları və dərnək üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər və məktəbəqədər yaşlı uşaqlar iştirak edib.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində istedadlı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə Bakı şəhər üzrə Təhsil İdarəsi 2 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri bədii proqramla çıxış ediblər. Dərnəyin üzvləri baharın gəlişini, təbiətin oyanmasını, dostluq və birlik ruhunu səhnələşdirilmiş tamaşalar və rəqslər vasitəsilə iştirakçılara ötürüblər.
Tamaşaçılar təqdim olunan musiqi nömrələrini hərarətli alqışlarla qarşılayıblar. Sonda xatirə şəkli çəkdirilib.