Ağdaşda Uşaq İncəsənət Festivalı iştirakçılarının yekun konserti keçirilib.
11 dekabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin tabeçiliyindəki rayonlardan olan həvəskar və peşəkar kateqoriyalı istedadlı və qabiliyyətli uşaqların iştirakı ilə bədii proqramla müşayiət olunan konsert tədbiri keçirilib. “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Festivalın müxtəlif mərhələlərində iştirak etmiş gənc istedadların ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar, solo ifalar, xalq musiqisinin inciləri, xalq rəqsləri və Habil Əliyev adına uşaq musiqi məktəbinin xor kollektivi tərəfindən rəngarəng musiqi nömrələri və bədii qiraət üzrə qaliblərin şeirləri təqdim olunub. Konsert boyunca ifaçıların çıxışları tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb. Rayon İcra Hakimiyyətinin rəhbərliyinə “Əl sənətkarlığı şəhəri” nominasiyası üzrə “Diplom” təqdim olunub. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova diploma görə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib. Yekunda festival iştirakçılarının qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.