Ağdaşda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
6 may 2026-cı il tarixində Ağdaş Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib.
Müasir Azərbaycan dövlətçiliyinin ideoloji təməllərini bərqərar etmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Fəsli Nəbiyev, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, hüquq-mühafizə orqanları və idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin digər nümayəndələri iştirak edib.
İştirakçılar əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Ardınca Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin zəngin həyat yolu və siyasi fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan rəsmi hissədə Ulu Öndər Heydər Əliyevin və qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Məruzə və çıxışlarda Heydər Əliyevin xilaskarlıq missiyasından və Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib. Diqqətə çatdırılıb ki, dahi liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir, ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlərin əsasında məhz həmin uzaqgörən siyasət dayanır.
Tədbir çərçivəsində partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup fəala YAP Ağdaş rayon təşkilatının Fəxri fərmanları, sıralara yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri təqdim edilib.
Rəsmi hissədən sonra Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərinin əməkdaşlarının ifasında konsert proqramı təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.







