Ağdaşda tullantıların çeşidlənməsi məntəqəsi inşa olunub
24 noyabr 2022-ci il tarixdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın Yaponiya ilə əlaqələrinin inkişafına önəm verildiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib. Azərbaycan-Yaponiya arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan rayon İcra Hakimiyyətinin başçısı ölkələrimiz arasında tərəfdaşlığın inkişaf perspektivlərini, Ağdaş rayonunun iqtisadi cəhətdən perspektivli rayon olmasını Yaponiya səfirinin diqqətinə çatdırıb. Yaponiya hökuməti tərəfindən Ağdaşda həyata keçirilən humanitar layihələrə görə səfirə minnətdarlıq bildirib. Sonra rayonun Yuxarı Zeynəddin kəndi ərzisində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində icra olunmuş tullantıların çeşidlənməsi məntəqəsinin açılışı həyata keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, benefisiar təşkilat olan “İnkişaf 2006” Sosial Dəstək İctimai Birliyinin icraçı direktoru Fizuli Abıyev, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Qonaqlara istifadə ediləcək yandırma, presləmə və digər avadanlıqlar barədə ətraflı məlumat verilib. Yeni tikilən məntəqə Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən istifadə edilərək, poliqondakı tullantıların azaldılması və əhalinin yerləşdiyi ərazinin ekoloji şəraitinin yaxşılaşdırılmasına xidmət göstərəcəyi planlaşdırılır. Layihənin icrası üçün Yaponiya hökuməti təqribən 152,310 manat (90,124 ABŞ dolları) məbləğində qrant ayırıb. Səfir Vada Cüniçi bildirib ki, ümumilikdə indiyə qədər Azərbaycanda proqram çərçivəsində 283 layihə icra olunub. Bu layihələrin ümumi qrant məbləği isə 23,890,000 ABŞ dollarını keçib.