Ağdaşda ticarət obyektlərində konservləşdirilmiş qida məhsullarının saxlanılması zamanı norma və qaydalara riayət olunması və ət satışı məntəqələrində qida təhlükəsizliyinə nəzarət məqsədi ilə monitorinqlər keçirilmişdir.
Martın 7-də Ağdaş Rayon İcra Hakimiyyətinin və Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional Bölməsinin nümayəndələrinin iştirakı ilə Azərbaycan respublikasının Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.2.6-cı bəndinin (heyvan kəsimi məntəqələri və ticarət obyektlərində (bazarlarda, yarmarkalarda və s.) mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikasının aparılması, onların optimallaşdırılması və modernləşdirilməsi) və 10.12.3-cü bəndinin (qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında qida məhsullarının təşviqat və maarifləndirmə işlərinin aparılması) icrasını təmin etmək məqsədi ilə Ağdaş rayonu ərazisində ət satışı məntəqələrində və ticarət obyektlərində monitorinqlər keçirilmişdir.
Monitorinqin məqsədi ət kəsimi məntəqələrində mövcud olan qida təhlükəsizliyi vəziyyətinin diaqnostikasının aparılması, eyni zamanda ticarət obyektlərində qida məhsullarının saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması, və əhalinin təhlükəsiz qida ilə təmin edilməsidir.
Monitorinq zamanı əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklər haqqında maarifləndirici tövsiyələr verilib.
Ağdaş rayonunda əhalinin sağlamlığının qorunması istiqamətində bu cür monitorinqlər davam etdiriləcəkdir.