Ağdaşda su təsərrüfatlarının idarə olunmasında bələdiyyələrin rolunun artırılması məqsədilə tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2024–2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının “Su ehtiyatlarının effektiv idarə edilməsi” prioriteti çərçivəsində müəyyən olunmuş 9.2.1.3-cü bəndinə əsasən “Su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılması və Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi” məqsədilə Ağdaş rayon İcra Hakimiyyətində aidiyyəti qurumların iştirakı ilə geniş tərkibli tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi su təsərrüfatlarının idarə olunmasında bələdiyyələrin iştirakını gücləndirmək, Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətini daha səmərəli və şəffaf şəkildə qurmaq, eyni zamanda, su ehtiyatlarından dayanıqlı istifadəni təmin etməkdir.
Tədbirdə Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin, Sudan İstifadəedənlər Birliklərinin və yerli bələdiyyələrin nümayəndələri iştirak etmişdir. Görüş zamanı bələdiyyələrin balansında olan, habelə bələdiyyələrin ərazisində yerləşən, lakin heç bir qurumun balansında olmayan meliorasiya-irriqasiya sistemlərinin mövcud vəziyyəti müzakirə olunmuş, bu sistemlərin inventarlaşdırılması və gələcəkdə effektiv idarə olunması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda iştirakçılar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və müəyyən edilmiş meliorasiya-irriqasiya sistemlərinin vahid mexanizm üzrə idarə edilməsi ilə bağlı razılıq əldə olunmuşdur.







