Ağdaşda soyuducu anbar istifadəyə verildi
İyulun 30-da Ağdaş rayonunun Qarağan Sədi kəndində müasir standartlara cavab verən yeni soyuducu anbarın açılış tədbiri keçirilib. Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayonda fəaliyyət göstərən aidiyyəti idarə və müəssisələrin rəhbərləri, fermerlər və kənd sakinləri iştirak edib.
Soyuducu anbar 1145 kvadrat metr ərazini əhatə edir və dörd soyutma kamerasından ibarətdir. Kameralar -3°C-dən +3°C-dək temperatur aralığında məhsulların saxlanılmasına imkan verir. Anbarda əsasən 600 tona qədər meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının saxlanılması nəzərdə tutulub. Layihənin reallaşdırılması üçün ümumilikdə 1 milyon manat vəsait sərf olunub.
Tədbirdə çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonda kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyindən bəhs edərək, bu kimi infrastruktur layihələrinin regionlarda ərzaq təhlükəsizliyinin təmin olunmasına, məhsul itkisinə qarşı mübarizəyə və fermerlərin gəlirlərinin artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.
O qeyd edib ki, soyuducu anbarın istifadəyə verilməsi ilə fermerlər məhsullarını daha uzun müddət saxlamaq və bazara uyğun zamanda çıxarmaq imkanı əldə edəcəklər ki, bu da onların iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək.
Başçı həmçinin bildirib ki, Ağdaş rayonunda aqrar sahədə innovativ yanaşmaların tətbiqi və kənd təsərrüfatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir və bu cür layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirin sonunda rayon rəhbəri və qonaqlar soyuducu anbarda yaradılmış şəraitlə tanış olub, burada görülən işlər və təşkil edilən logistika imkanları barədə məlumatlandırılıblar.







