Ağdaşda Silahlı Qüvvələr Günü qeyd olunub
Ağdaş Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Azərbaycan Silahlı Qüvvələri - dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əlişah Rəcəbov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Abdulla Abdullayev, Vətən Müharibəsi iştirakçıları, ictimaiyyətin digər nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası rayon təşkilatında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda bildirilib ki, Azərbaycanda peşəkar və nizami ordu quruculuğunun tarixi təməli xalqımızın Ümummilli Lideri, uzaqgörən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər hələ Sovet İttifaqının ən sərt dövrlərində – milli hərbi kadrların yetişməsinə imperiyanın qısqanclıqla yanaşdığı bir vaxtda, öz qətiyyəti və dəmir iradəsi ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Bu addım sadəcə bir məktəbin açılması deyil, gələcək müstəqil Azərbaycanın hərbi elitasının təməlinin qoyulması idi.
Qeyd olunub ki, Ulu Öndərin müqəddəs vəsiyyətini və siyasi kursunu ən yüksək səviyyədə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu zamanın ən son tələbləri çərçivəsində tamamilə yenidən qurdu. Azərbaycanın artan iqtisadi imkanları ilk növbədə müdafiə sənayesinə yönəldildi. Dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait ildən-ilə artırılaraq ordumuzun arsenalı dünyanın ən müasir, yüksək texnologiyalı və strateji silahları ilə zənginləşdirildi. İşğaldan azad olunmuş hər bir qarış torpağımızda, Şuşada, Xankəndidə dalğalanan üçrəngli müqəddəs bayrağımız ordumuzun gücünün, dövlətimizin qüdrətinin rəmzidir.







