Ağdaşda “Şəhidlərin şahidləri” adlı kompozisiya təqdim olunub
Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının təqdimatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Şəhidlərin şahidləri” adlı səhnələşdirilmiş kompozisiya nümayiş etdirilib.
Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, regional idarənin rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, müəssisə və təşkilatların əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vətən müharibəsində 44 gün ərzində qazanılmış şanlı zəfərin qəhrəmanlıq salnaməsi kimi təqdim olunan kompozisiyada igid oğullarımızın Vətənin azadlığı və suverenliyi uğrunda göstərdikləri döyüş şücaətləri obrazlı şəkildə əksini tapıb. Şanlı Qələbənin qəhrəmanlarının xatirəsini əbədi yaşatmaq, gənc nəslin vətənə və torpağa məhəbbət hissini gücləndirmək məqsədilə hazırlanmış kompozisiya, həm də qəhrəman oğullarımıza dərin minnətdarlıq və sonsuz ehtiramın ifadəsi olub.







