Ağdaşda “Şahin” hərbi-idman oyunlarının açılış mərasimi keçirilib
Aprelin 22-də Ağdaş Olimpiya İdman Kompleksində məktəblilər arasında “Şahin” hərbi-idman oyunlarının açılış mərasimi təşkil olunub.Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi və rayon Təhsil sektorunun rəhbər və məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsi gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi, məktəblilərin fiziki hazırlıq səviyyəsinin artırılması və onların hərbi xidmətə hazırlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə göstərilən diqqət və qayğı ardıcıl və sistemli xarakter daşıyır. Qeyd edək ki, rayon birinciliyi uğrunda keçirilən yarışlarda ümumtəhsil məktəblərinin X–XI sinif şagirdlərindən ibarət 22 komanda üzrə ümumilikdə 308 nəfər iştirak edir.







