Ağdaşda Qəbələ-Xankəndi ultramarafonunun ilk mərhələsinin qalibləri təltif edilib.
10 aprel 2025 | 21:04
Azərbaycanın bölgələrini əhatə edən və Qarabağa dönüş ruhunu simvolizə edən Qəbələ-Xankəndi ultramarafonunun ilk mərhələsi Ağdaş rayonunda yekunlaşıb.
“İdman Paytaxtı” Qəbələdən Ağdaşadək 55 kilometr məsafə qət edən ultramarafonun iştirakçıları rayon sakinləri tərəfindən böyük coşqu ilə qarşılanıblar.
Rayonun Heydər parkında ilk mərhələnin qalibləri üçün xüsusi təltifetmə mərasimi keçirilib.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin müdiri Azad Gözəlov, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak edib.
Qeyd edək ki, ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var.
Qəbələ şəhərindən start götürən marafonun iştirakçıları 192 kilometr məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.
Ultramarafon iştirakçıları bundan sonra Ağdaş-Bərdə (65 kilometr), Bərdə-Ağdam (44 kilometr) və Ağdam-Xankəndi (28 kilometr) mərhələləri üzrə yarışacaqlar.
Hər mərhələnin qalibləri ayrıca, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.