Ağdaşda mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda müşavirə keçirildi.
04 aprel 2023-cü il tarixdə Ağdaş Rayon İcra Hakimiyyətində rayon ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda müşavirə keçirilib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov son dövrlərdə havaların quraq keçməsi ilə əlaqədar çaylarda, yeraltı mənbələrdə suyun həcminin azalmasının içməli su təminatında, eləcə də əkin torpaqlarının suvarılmasında müəyyən çətinliklər yaratdığını və belə halların qarşısının alınması üçün yerlərdə mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyindən bəhs edib. Müşavirədə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti başçısı yanında Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Azərsu ASC-nin yerli qurumlarının rəhbərlərinin, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və bələdiyyə sədrlərinin daxil olduğu operativ qərargah yaradılıb. Müşavirədə hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunması ilə bağlı mütəmadi monitorinqlərin keçirilməsi, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlilik prinsipləri əsasında verilməsi, eyni zamanda su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılmasının vacibliyi diqqətə çatdırılıb.