Ağdaşda “Milli genofondun və sosial rifahın təmini: narkomaniya, erkən nikah, psixoloji böhranlar və intihara cəhdlərin qarşısının alınmasında strateji hədəflər” mövzusunda panel iclas keçirilib
7 may 2026-cı il tarixdə Heydər Əliyev Mərkəzində “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi”ndən irəli gələn vəzifələrin icrası məqsədilə Ağdaş Rayon İcra Hakimiyyəti və Ağdaş rayon prokurorluğunun birgə təşkilatçılığı ilə “Milli genofondun və sosial rifahın təmini: narkomaniya, erkən nikah, psixoloji böhranlar və intihara cəhdlərin qarşısının alınmasında strateji hədəflər” mövzusuna həsr olunmuş panel iclas keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin, prokurorluq və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti dövlət strukturlarının nümayəndələri, habelə pedaqoji kollektivlər, tələbələr və ictimai fəal gənclər iştirak etmişlər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Spikerlər Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayon prokuroru, baş ədliyyə müşaviri Anar Əliyev, rayon polis şöbəsinin rəisi, polis polkovniki Vəfalı Həsənalıyev və Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Səbinə Rəşidova erkən nikahların cəmiyyətin mənəvi sütunlarına vurduğu zərər və ailə institutunun qorunması istiqamətində həyata keçirilən tədbirlər, intihara cəhd hallarının hüquqi aspektləri və bu sahədə preventiv nəzarətin gücləndirilməsinin vacibliyi, əhalinin psixoloji sağlamlığının qorunması və böhran anlarında göstərilən peşəkar dəstək mexanizmləri, narkomaniya ilə mübarizənin ümummilli vəzifə olması və gənclərin zərərli vərdişlərdən uzaq tutulması üçün görülən işlərdən bəhs etmişlər.
Müzakirələr zamanı spikerlər mövzu üzrə ünvanlanan spesifik sualları cavablandırıb, qarşıda duran strateji hədəfləri diqqətə çatdırmışlar. İnteraktiv formatda davam edən tədbirdə iştirakçıların rəy və təklifləri dinlənilib, sosial rifahın yüksəldilməsi və neqativ halların qarşısının alınması istiqamətində qurumlararası koordinasiyanın əhəmiyyəti vurğulanmışdır.
Qeyd olunmuşdur ki, milli genofondun qorunması hər bir vətəndaşın və dövlət qurumunun qarşısında duran ən mühüm vəzifələrdən biridir.







