Ağdaşda Mərkəzi Aran region üzrə Gənclərin Zona Forumu keçirilib
Fevralın 5-də “Gənclər həftəsi” çərçivəsində Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Mərkəzi Aran regionunu təmsil edən gənclərin zona forumu keçirilib.
“Suverenlik və inkişaf” mövzusuna həsr olunan tədbirin iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gələrək xatirəsini ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüblər.
Sonra Ağdaşdakı Şəhidlər Kompleksində şəhidlərin xatirəsi yad edilib. Forum iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində istedadlı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının gənclər siyasəti və Azərbaycanın suverenliyi mövzularını əks etdirən videoçarx nümayiş etdirilib.
Forumda Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Vətən Müharibəsi Qəhrəmanı, həmyerlimiz Gündüz Səfərli, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin müdiri Azad Gözəlov, Mingəçevir Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehdi Rəhimov və gənclərin nümayəndələri çıxış ediblər.
Çıxışlarda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkə gənclərinə diqqət və qayğısından bəhs olunub. Bildirilib ki, Azərbaycanın dinamik və hərtərəfli inkişafını təmin edən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük qısa bir dövr ərzində möhtəşəm tarixi Zəfər qazanaraq, beynəlxalq səviyyədə tanınan ərazilərimizi Ermənistanın 30 ilədək davam edən işğalından azad edib.
2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri nəticəsində daha bir möhtəşəm qələbə əldə edərək, ölkəmizin dövlət suverenliyinin tam bərpasını təmin edib. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.
Gənclərimizin ölkəmiizn həyatında fəal iştirakından, dövlət başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərimizin Vətən müharibəsində tarixi Zəfərimizin əldə olunmasında nühün rolundan bəhs olunub. Bildirilib ki, Azərbaycan xalqı, gənclər, vahid bir orqanizm, bir yumruq kimi birləşərək möhtərəm Prezidentimizin ətrafında böyük həmrəylik nümayiş etdirirlər.
Forumda gənclərə göstərilən böyük diqqət və qayğıdan söz açılıb, “Suverenlik və inkişaf” mövzusunda müzakirələr aparılıb. Tədbirdə ictimai fəallığı ilə fərqlənən gənclər mükafatlandırılıb. Tədbir bədii proqramla başa çatdırılıb.