Ağdaşda məişət zorakılığı ilə mübarizə mövzusunda tədbir keçirilib.
Avqustun 26-da rayon İcra Hakimiyyətində məişət zorakılığı ilə mübarizə mövzusunda dəyirmi masa təşkil olunub.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə qrupunun üzvləri, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova məişət zorakılığına qarşı mübarizənin əhəmiyyətindən danışaraq, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, qəbul olunmuş qanunvericilik aktları və icra olunan Milli Fəaliyyət Planı barədə iştirakçılara geniş məlumat verib.
Çıxış edən digər natiqlər mövzu ətrafında fikir mübadiləsi apararaq, mövcud vəziyyətin təhlili, qarşıda duran vəzifələr və ictimai maarifləndirmənin gücləndirilməsi məsələlərinə toxunublar. Diskussiya şəraitində davam edən tədbirdə məişət zorakılığı ilə mübarizə sahəsində görülən işlər və qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb.
Sonda məişət zorakılığı ilə mübarizə mövzusuna dair hazırlanmış maarifləndirici bülletenlərin əhali arasında geniş yayılması üçün monitorinq və əlaqələndirmə qrupunun üzvlərinə təqdim olunub.







