Ağdaşda “Konstitusiya və Suverenlik İli” çərçivəsində dəyirmi masa keçirilib.
Aprelin 29-da rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masada rayonun təhsil, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyası bu gün də dövlətimizin dayanıqlı inkişafına xidmət edir. Bu ali sənədin qəbulu ilə müstəqil Azərbaycan öz gələcəyini hüquqi və demokratik dəyərlər üzərində qurmuşdur. Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfər və suverenliyimizin tam bərpa olunması bu siyasətin ən parlaq nəticəsidir. Məhz onun rəhbərliyi altında Konstitusiyamızın prinsiplərinə uyğun aparılan islahatlar nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib.
Sonra “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbirin davamında digər natiqlərin çıxışları dinlənilib, mövzu ətrafında və Konstitusiyanın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.