Ağdaşda “Heydər Əliyev və İKT sisteminin inkişafı” mövzusunda tədbir keçirilib.
16 fevral 2023-cü il tarixdə “Aztelekom” MMC-nin Aran Regional filialının Ağdaş şəhərində yerləşən inzibati binasının akt zalında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və İKT sisteminin inkişafı” mövzusunda tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın yaxın onilliklər üçün inkişaf perspektivlərinin biliklərə əsaslanan iqtisadiyyatla birbaşa bağlı olduğunu uzaqgörənliklə düşünən ümummilli lider informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafının təməlini hələ ötən əsrin 70-ci illərində qoymuşdur. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məzahir Əfəndiyev çıxış edərək bildirib ki, İKT sektorunda çalışanlar bu fikirdə yekdildirlər ki, informasiya texnologiyaları sahəsində ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi kompleks tədbirlər nəticəsində tam həllini tapmış, ölkədə geniş zolaqlı internet şəbəkəsi fəaliyyət göstərir. Bu sahə üzrə Azərbaycan artıq inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutmuşdur. Qeyd olunub ki, Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanı göz bəbəyi kimi qorumaq, yaşatmaq və inkişaf etdirmək, onun ideyalarını həyata keçirməkdə ölkə Prezidenti İlham Əliyevə layiqli işimizlə dəstək vermək hər birimizin vətəndaşlıq borcumuzdur. Tədbirdə “Aztelekom” MMC-nin baş direktorunun müşaviri Elnur Abdullayev iştirak edirdi.