Ağdaşda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirildi.
20 aprel 2023-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” ilə bağlı təqvim planında nəzərdə tutulan tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilib. Ağdaş Dövlət Humanitar Kollecində keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, Kollecin pedaqoji kollektivi və tələbələri iştirak edib. Dövlət Himni səsləndirilib. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova bildirib ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycan dövlətinə rəhbərlik etdiyi 34 illik dövr milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Son illərdə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, Ulu Öndərin müəyyənləşdirdiyi və həyata keçirdiyi müdrik siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev çıxış edərək diqqətə çatdırıb ki, Ulu Öndərin adı xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edilib. Müasir Azərbaycan dövlətinin ötən illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının bütün sahələri üzrə dirçəlişi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. Tədbir ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən digər çıxışlarla davam etdirilib.