Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

28 mart 2023 | 15:26

28 mart 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində görkəmli ziyalıların və elm xadimlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Konfransda rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, yazıçı-dramaturq, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli həmyerlimiz Xeyrəddin Qoca, VI çağırış Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, “Tərəqqi” medallı Elman Nəsirov, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və qeyri-hökumət təşkilatlarının rəhbərləri, təhsil, mədəniyyət və gənclər təşkilatlarının nümayəndələri  iştirak edib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər. İştirakçılar tərəfindən Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin həyat və fəaliyyətini əsk etdirən eksponatlara baxış keçirilib. Konfransda Dövlət Himni səsləndirilib. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Müasir müstəqil Azərbaycan: Ulu Öndərin siyasi mirası” adlı sənədli film nümayiş etdirilib. Konfransı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov açaraq, iştirakçıları salamlayıb. Bildirib ki, ensiklopedik biliyə malik olan böyük dövlət xadimi, əfsanəvi şəxsiyyət, fitri istedadı ilə hələ sağlığında ikən dövlət hakimiyyəti idarəçiliyinin ustası kimi məşhurlaşan Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik tarixində silinməz izlər qoymuşdur. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq  məfkurəsinin böyük ideoloqu olaraq, milli özünüdərkə xidmət edən bu ideologiyanın böyük təbliğatçısı və mahir icraçısı kimi xalqı qısa zaman kəsiyində bu milli-siyasi ideya ətrafında birləşdirməklə, fövqəlrəhbər səviyyəsinə yüksələn dünyanın nadir şəxsiyyətlərindən biri olaraq sağlığında və dünyasını dəyişdikdən sonra da mənsub olduğu xalqın və bəşəriyyətin qürurverici simalarından birinə çevrilmişdir. Dövlətçilik fəlsəfəsinə dərindən bələd olan Heydər Əliyev dövlətçiliyimizin siyasi-ideoloji varisliyini təmin etməklə yanaşı, İlham Əliyevi mərhələlərlə yetişdirərək onu  Azərbaycan xalqına layiqincə xidmət edən dövlət xadimi səviyyəsinə qaldırmağı bacardı. Fərəhləndirici haldır ki, ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi sahəsində son 20 ildə möhtərəm Prezidentimiz böyük uğurlara nail olmuşdur. Onun rəhbərliyi altında ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın keyfiyyəti yüksəlmiş, iqtisadiyyatın şaxələndirilməsi təmin edilməklə neft amilindən asılılığın azaldılması yolunda irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Regional siyasətdə əldə olunan böyük uğurlar bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ağdaşın inkişafına böyük töhfələr verməkdədir. Bu diqqət və qayğı ağdaşlılarda böyük qürur və iftixar hissləri yaradır. Çıxışlarda diqqətə çatdırılıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev yaşadığı zaman və məkan daxilində doğma Azərbaycanın tərəqqisi və qüdrətlənməsi naminə çox işlər görmüşdür. Onun həyatının əsas qayəsini Azərbaycanın dövlət müstəqilliyini əbədiyyətə çevirmək təşkil edirdi. O, bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələ bildi. Ulu öndərin bizlərə miras qoyub getdiyi müstəqil Azərbaycan onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda ən ali hədəflər əldə edilmiş, torpaqlarımız düşmən tapdağından azad edilmiş, uğurlarımız ardıcıl davam edir. Konfransın sonunda ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği, rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakı və “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlərin təşkilində fərqlənənlərin bir qrupuna rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

 

Keçidlər