Ağdaşda “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirildi.
22 fevral 2023-cü il tarixdə Nizami adına şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Məclisin deputatı Məzahir Əfəndiyev və rayon təhsil işçilərinin iştirakı ilə birgə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib. Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Məruzə və çıxışlarda qeyd olunub ki, ulu öndər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmləri ərzində Azərbaycan Respublikasının bütün sosial-iqtisadi həyatında mühüm irəliləyiş və inkişaf əldə edilib. Həyata keçirilən islahatlarla yanaşı elm və təhsil sahəsi daim ulu öndərin nəzarəti altında olmuşdur. Dahi öndərin fəaliyyəti dövründə 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilmiş, onların sayı 765-dən 2117-yə çatdırılmışdır. Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova çıxış edərək qeyd edib ki, ulu öndər Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlar bu gün də uğurla davam etdirilir. Son 20 ilə yaxın dövr ərzində möhtərəm prezidentimiz cənab İlham Əliyevin, eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında dövlət büdcəsi və Fond tərəfindən təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə Ağdaşda ümumi təhsilin inkişafında mühüm mərhələ yaşanır. Ümumtəhsil məktəblərinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində mühüm dönüş əldə edilmişdir. Belə ki, rayonda son 20 ilə yaxın dövr ərzində 40 məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda rayonda 10 min nəfərə yaxın şagirdin təhsil şəraiti yaxşılaşdırılmışdır. Çıxışlarda bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün təhsil sahəsində əldə edilən ciddi uğurların əsas təkanvericisidir.