Ağdaşda "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda dəyirmi masa keçirildi.
1 avqust 2023-cü il tarixdə rayon İcra Hakimiyyətində “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev və Azərbaycan dili mövzusunda dəyirmi masa keçirilib. Mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova bildirib ki, ulu öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Dəyirmi masa ətrafında keçirilən müzakirələrdə çıxış edən natiqlər qeyd ediblər ki, bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz prinsipial mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Həmçinin vurğulanıb ki, bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizin saflaşdırılması yolunda cəsarətli addımlar atan Ümummilli Liderin siyasi xətti qloballaşma dövründə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.