Ağdaşda əmək hüquqlarına dair növbəti maarifləndirmə tədbiri keçirilib
06 avqust 2025 | 18:07
Avqustun 6-da Ağdaş Rayon İcra Hakimiyyətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional şöbəsi ilə birgə əmək hüquqlarına dair növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı, Mərkəzi Aran Regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatlardan 100 nəfərə yaxın nümayəndə iştirak edib.
Tədbir zamanı əmək münasibətlərinin rəsmiləşdirilməsi, habelə əmək müqavilələrinə xitam verilməsinin əsasları və qaydaları ilə bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. İşəgötürən və işçilərin qarşılıqlı hüquq və vəzifələri barədə ətraflı məlumatlar verilib. Eyni zamanda əmək münasibətləri sahəsində rast gəlinən hüquq pozuntuları və onların qarşısının alınması yolları müzakirə olunub.
Tədbirin əsas məqsədi əmək münasibətlərində hüquqi maarifləndirməni artırmaq, əmək qanunvericiliyinə riayət olunmasını təşviq etmək və işçi hüquqlarının qorunmasına dəstək göstərməkdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







