Ağdaşda elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilir
Ağdaş rayonu ərazisində elektrik təchizatının daha da yaxşılaşdırılması, istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə son dövrlərdə genişmiqyaslı yenidənqurma və modernləşdirmə tədbirləri həyata keçirilir. Bu istiqamətdə hazırlanmış iri tutumlu layihələrin bir qismi artıq icra olunmuş, digər işlər isə mərhələli şəkildə davam etdirilir.
Həyata keçirilən tədbirlər çərçivəsində 2025-ci ilin mart ayından etibarən Ağdaş şəhərinin elektrik təsərrüfatının əsaslı şəkildə yenilənməsinə başlanılmışdır.
Görülən işlər nəticəsində şəhər ərazisində 10 kV-luq elektrik verilişi xətlərində yeni metal dayaqların böyük hissəsi quraşdırılmış, ümumilikdə 17 kilometr məsafədə müasir standartlara cavab verən SİP-3 markalı naqillər çəkilmişdir. Eyni zamanda 0,4 kV-luq elektrik verilişi xətlərinin yenidən qurulması istiqamətində də mühüm addımlar atılmış, yeni metal dayaqların əhəmiyyətli hissəsi quraşdırılmış və 8 kilometr uzunluğunda OİN markalı kabel xətti çəkilmişdir.
Layihə çərçivəsində müxtəlif gücə malik komplekt transformator məntəqələrinin quraşdırılması üçün müvafiq infrastruktur yaradılmış, ümumilikdə 73 ədəd transformator məntəqəsi üçün kürsülər hazırlanmışdır. Onlardan 10 dəsti artıq quraşdırılaraq istismara hazır vəziyyətə gətirilmişdir.
Hazırda şəhər ərazisində elektrik şəbəkəsinin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər plan üzrə davam etdirilir. Həyata keçirilən bu tədbirlər Ağdaş şəhərində enerji təminatının etibarlılığının artırılmasına, elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına və əhalinin dayanıqlı enerji ilə təmin olunmasına mühüm töhfə verəcəkdir.







