Ağdaşda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub
İyunun 23-də Ağdaş rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlətçiliyimizin möhkəmləndirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və ölkəmizin davamlı inkişafında dövlət qulluqçularının rolunu qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların uğurla icrasında dövlət qulluqçularının üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayan Orxan Hüseynzadə bildirib ki, Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edən peşəkar və vətənpərvər dövlət qulluqçuları ölkəmizin dayanıqlı inkişafında aparıcı qüvvələrdəndir.
Tədbirdə rayon İcra Hakimiyyəti və yerli icra strukturlarında çalışan bir qrup dövlət qulluqçusuna dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.